Bakıda Milli Pediatriya Sammiti öz işinə başlayıb. Sammit ölkədə pediatriya sahəsinin inkişafı, uşaq sağlamlığının qorunması, müasir diaqnostika və müalicə metodlarının tətbiqi sahəsində əldə olunan yeniliklərin müzakirəsinə həsr olunub.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə açılış nitqində bildirib ki, uşaq sağlamlığının qorunması dövlətin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. O qeyd edib ki, son illər Azərbaycanda ana və uşaq sağlamlığının möhkəmləndirilməsi, müasir diaqnostika və müalicə imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Sammitin rəsmi açılış hissəsində çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ölkə rəhbərliyi tərəfindən əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət göstərildiyini bildirib. O qeyd edib ki, uşaqların sağlamlığının qorunması, talassemiya proqramlarının həyata keçirilməsi və sümük iliyi transplantasiyası xidmətlərinin inkişaf etdirilməsi bu diqqətin bariz nümunələridir.
Yeganə Abbasova diqqətə çatdırıb ki, Azərbaycanda orqan və toxumaların transplantasiyası sahəsində hüquqi baza ardıcıl şəkildə formalaşdırılıb. İlk qanun 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb, 2020-ci ildə isə Prezident İlham Əliyevin imzaladığı yeni qanun bu sahənin inkişafı üçün müasir hüquqi mexanizmlər yaradıb. Mərkəz sədri bildirib ki, 2019-cu ildən Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən müvafiq hüquqi sənədlərin hazırlanmasına başlanılıb, 2022-ci ildən isə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdiri Rauf Məmmədov çıxışında pediatriya elminin inkişafında genetikanın roluna diqqət çəkib. O bildirib ki, sammit çərçivəsində genetik tədqiqatlar, irsi xəstəliklərin diaqnostikası və müasir elmi yanaşmalarla bağlı mövzular geniş şəkildə müzakirə olunacaq.